İngiltərənin “Tottenhem” klubunun almaniyalı hücumçusu Timo Verner zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
Arena.az xəbər verir ki, bunu London təmsilçisinin baş məşqçisi Angelos Postekoqlu açıqlayıb.
Onun sözlərinə görə, alman forvard üçün mövsüm başa çatıb.
Xatırladaq ki, Postekoqlu Premyer Liqanın 35-ci turunun “Arsenal”la oyununda (2:3) ilk yarıda Verneri əvəzləmişdi. Forvard ilk hissədə zədələnərək, təcili olaraq meydanı tərk etmişdi.
Müqavilə ilə Almaniyanın “Leypsiq” klubuna məxsus olan Timo Verner “Tottenhem”ə bu ilin yanvar ayında icarə əsasında keçib. 28 yaşlı futbolçu London təmsilçisinin heyətində indiyə qədər 14 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
“Tottenhem”in yayda alman futbolçunu 18 milyon avro ödəyərək birdəfəlik almaq hüququ var. Timonun icarə müqaviləsinin müddəti isə iyunun 30-na qədərdir.
Xatırladaq ki, Timo Verner daha öncə İngiltərədə “Çelsi”nin də şərəfini qoruyub. Belə ki, o, 2020-ci ilin iyul ayında 53 milyon avro qarşılığında keçdiyi London klubunun heyətində 89 oyuna çıxıb, 23 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. Lakin 2022-ci ilin avqustunda “Leypsiq” “Çelsi”yə 20 milyon avro ödəyərək sabiq forvardını geri qaytarmışdı.
Verner bu mövsüm “Leypsiq”in heyətində bütün turnirlər çərçivəsində 14 matçda iştirak edib, 2 qol vurub və 1 qolun ötürməsini verib. O, Almaniya klubunda bütövlükdə 213 oyuna çıxıb, 113 qol və 47 məhsuldar ötürmə müəllifi olub. Vernerin hazırda “Leypsiq”lə 2026-cı ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.
“Ştutqart”ın yetirməsi olan Verner, “Leypsiq”dən öncə məhz bu komandanın uğurları üçün çalışıb. Almaniya yığmasında 57 oyuna çıxan hücumçu, 24 qola imza atıb.


