Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 34-cü turu çərçivəsində “Girəsunspor”la qarşılaşıb.
“Ümraniyəspor” səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:1. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki 12-ci qələbəsidir. Komanda qalan oyunlarda 7 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.
Diniyev bu oyunun iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
34 turdan sonra “Ümraniyəspor” 43 xalla 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 33 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.


