Co Hart futbolçu karyerasını bitirdi

Şotlandya Kubokunun 2023/2024 mövsümünün finalında “Reyncers”ə qarşı oyun “Seltik”in qapıçısı Co Hart üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu, ingilis qolkiperin peşəkar futbolçu karyerasında sonuncu oyun olub.

Hart sonuncu oyununda qapısının toxunulmazlığını təmin edərək, “Seltik”in Qlazqo derbisində əzəli rəqibi “Reyncers” üzərində 1:0 hesablı qələbəsinə töhfəsini verib və futbolçu karyerasını zəfərlə başa vurub.

Co Hart “Şrusberi Taun” klubunda futbola qədəm qoyub. 2006-cı ildə “Mançester Siti”yə yol tapmış Hart bir müddət “Tranmir Rovers”, “Blekpul” və “Birmingem Siti”də icarələrdə çıxış etdikdən sonra, 2010-cu ildə “şəhərlilər”in düşərgəsinə qayıdaraq, əsas heyətdə yerini möhkəmlədib. Hart bu müddətdə həmçinin İngiltərə yığmasının heyətində tədricən əsas qapıçıya çevrilib. Amma 2016-cı ilə qədər “Mançester Siti”nin qapısında duruş gətirmiş Hart üçün, ispan mütəxəssis Xosep Qvardiolanın “şəhərlilər”ə baş məşqçi təyin edilməsi dönüş nöqtəsinə çevrilib. “Pep”in dövründə Hart əsas heyətdə yerini itirərək əvvəlcə “Torino” (2016/2017), ardınca isə “Vest Hem”ə (2017/2018) icarəyə verilərək, nəhayətdə “Börnli”yə satılıb. 2018-2020-ci illərdə “Börnli”də çıxış etmiş Hart 2020-2021-ci illərdə “Tottenhem”də oynayıb və İngiltərəni tərk edəcək, qonşu Şotlandiyaya yollanıb.

2021-ci ilin avqustunda Şotlandiya nəhəngi “Seltik” Hartı 1,2 milyon avro məbləğ müqabilində “Tottenhem”dən öz düşərgəsinə qatıb. Mayın 31-də Hartın “yoncalar”la müqaviləsi rəsmən başa çatacaq.

Cari mövsümdə Hart “Seltik”in heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 25 qol buraxıb, 13 oyundan “quru” qurtulub. İngilis qapıçının Şotlandiya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 152 oyun, 145 buraxılmış qol, 63 “quru” oyun.

Co Hart 2008-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 75 oyun keçirib, 48 qol buraxıb, 43 oyunda qapısının toxunulmazlığını təmin edib.

Co Hatın qənimətlər muzeyində “Mançester Siti ilə qazandığı 2 İngiltərə Premyer Liqası, İngiltərə Kuboku, 2 İngiltərə Liqa Kuboku var. Həmçinin Hart 3 dəfə ardıcıl (2010/2011, 2011/2012, 2012/2013) olaraq İngiltərə Premyer Liqasında mövsümün qapıçısı seçilib.

“Seltik”lə isə Hart 3 dəfə Şotlandiya Premyer Liqasının, 2 dəfə Şotlandiya Kubokunun və 2 dəfə Şotlandiya Liqa Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: