Unai Emeri “Aston Villa” ilə yeni müqavilə imzaladı

İngiltərənin “Aston Villa” komandasının baş məşqçisi Unai Emeri Premyer Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

52 yaşlı mütəxəssis yeni sözləşməyə əsasən, 2029-cu ilin 30 iyununa qədər “şirlər”ə rəhbərlik edəcək. İspan mütəxəssisin bu klubla əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Unai Emeri 2022-ci ilin noyabrı ayından bəri “Aston Villa”nı çalışdırır. İspan mütəxəssisin “Aston Villa”ya rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 83 oyun, 44 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət. Topların fərqi isə 155:117 nisbətindədir.

Unai Emerinin komandası İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünü 38 oyunda topladığı 68 xalla 4-cü pillədə başa vurub. Bununla da sözügedən klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb. “Aston Villa” 38 oyunda 20 qələbə qazanıb, 8 heç-heçə edib və 10 oyunda məğlubiyyətə üzülüb. Topların fərqi isə 76:61 nisbətindədir.

Emeri əvvəllər “Sevilya”, PSJ və “Vilyarreal”ı uğurla çalışdırıb. İspan mütəxəssis PSJ-yə Fransa çempionluğunu və hər biri 2 dəfə olmaqla Fransa Kubokunu, Fransa Liqa Kubokunu və Fransa Super Kubokunu qazandırıb. Həmçinin Unai Emeri Avropa Liqasının baş məşqçi kimi 4 qat qalibidir (“Sevilya” ilə 3 dəfə, “Vilyarreal” ilə 1 dəfə).

Təcrübəli məşqçinin çalışdırdığı komandalar arasında “Real Union”, “Arsenal”, “Spartak” (Moskva), “Valensiya” və “Almeriya” da var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: