Darvin Nunyes: “Yurgen Klopun gedişi hamımızı sarsıtdı”

“Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunyes Mersisayd klubundan ayrılmış alman mütəxəssis Yurgen Klopp haqda danışıb.

Arena.az Nunyesin sözlərini təqdim edir:

“Yurgen Klopun ayrılması hamımızı sarsıtdı. Heç kim bunu gözləmirdi. Təəssüf ki, o, getdi. Şəxsən mən onun qalibiyyət dalğasına getməsini görmək istərdim, amma bu, baş vermədi. Etiraf etməliyik ki, bu, bizim, futbolçuların günahıdır. Ona dünyanın ən yaxşısını arzulayıram”, deyə Darvin Nunyes bildirib.

Xatırladaq ki, 2015-ci ilin oktyabrından “Liverpul”a rəhbərlik edən Yurgen Klopp 2023/2024 mövsümünün bitməsi ilə İngiltərə klubundan ayrılıb. Bu müddət ərzində 56 yaşlı alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Klopun rəhbərliyi altında “Liverpul” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Ən əsası isə alman mütəxəssis “Liverpul”u İngiltərə futbolunda itirdiyi mövqeyinə qaytarmağı bacarıb.

Klopp “Liverpul”u 489 oyuna çıxarıb. “Qırmızılar” bu oyunlarda 304 qələbə qazanıblar, 100 heç-heçə ediblər, 85 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1088:550 nisbətindədir.

Almaniyalı mütəxəssis daha öncə ölkəsində “Borussiya” (Dortmund) və “Maynts” komandalarını da çalışdırıb. O, “Liverpul”dan istirahətə ehtiyac duyduğu üçün ayrıldığını açıqlayıb.

Qeyd edək ki, “Liverpul” Yurgen Klopun əvəzində baş məşqçi postuna Arne Slotu gətirib. Artıq tərəflər arasında rəsmi müqavilə imzalansa da, onun müddəti və digər detalları açıqlanmır. Niderlanddan olan mütəxəssis yeni işinə iyunun 1-dən etibarən başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: