Səlahət Ağayev də “Səbail”dən getdi – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev Premyer Liqa təmsilçisi “Səbail” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Səlahətlə klub arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Tərəflər yeni müqavilə bağlamamağa qərar veriblər. “Səbail” qapıçıya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Səlahət Ağayev 2023-cü ilin iyul ayından “Səbail”in uğurları üçün çalışırdı. 33 yaşlı qolkiper “dənizçilər”in heyətində 32 oyuna çıxıb. O, bu oyunlarda 52 qol buraxıb, 7 matçda qapısını toxunulmaz saxlayıb.

Səlahət “Səbail”dən öncə “İnter” (indiki “Şamaxı”), “Neftçi”, “Sumqayıt”, “Qəbələ”, “Sabah” və MOİK-də də forma geyinib. U-21 yığmamızda da oynamış təcrübəli qolkiper 2010-cu ildə debüt etdiyi Azərbaycanın əsas milli komandasında 21 oyun keçirib.

“Səbail” Səlahətdən öncə Adil Nağıyev və Ağabala Ramazanovla da yollarını ayırmışdı. Yusif Nəbiyev və Samir Abdullayevlə yeni müqavilə bağlamış paytaxt klubu Fərid Nəbiyevi də (“Turan Tovuz”) azad agent kimi heyətinə qatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: