Futbol üzrə Niderland millisinin sabiq üzvü Covanni van Bronkhorst Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “qara qartallar”ı bundan sonra Van Bronkhorst çalışdıracaq. 49 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Onun köməkçiləri Yan Pol van Qastel və Serdar Topraktepe olacaq.
Peşəkar futbolçu karyerasına 1993-cü ildə Niderlandın “Rotterdam” klubunda başlamış Covanni van Bronkhorst daha sonra “Feyenoord”, “Qlazqo Reyncers”, “Arsenal” və “Barselona” kimi komandaların da formasını geyinib.
“Cio” ləqəbiylə tanınan Van Bronkhorst futbolçu karyerasına 2010-ci ildə “Feyenoord”da yekun vurub. O, formasını geyindiyi klubların demək olar ki, hamısı ilə çoxsaylı titullara sahib çıxıb. “Cio” Niderland yığmasının heyətində də bir neçə Avropa çempionatı və dünya çempionatının iştirakçısı olub.
Van Bronkhorst məşqçilik karyerasına 2011-ci ildə “Feyenoord”da köməkçi məşqçi kimi başlayıb. 2015-ci ildə o, bu komandanın əsas baş məşqçisi olub. O, bu komandanın sükanı arxasında 1 dəfə Niderland çempionu olub, 2 dəfə ölkə kubokunu, 2 dəfə ölkə super kubokunu qazanıb. 2019-cu ildə “Feyenoord”dan ayrılan Covanni 2020-ci ilin yanvarından dekabrına kimi Çinin “Quançjou” komandasına rəhbərlik edib. 2021-ci ilin noyabrından 2022-ci ilin noyabrına kimi isə o, Şotlandiyanın “Reyncers” komandasını çalışdırıb. Niderlandlı mütəxəssis bu komandanı 2021/2022 mövsümündə Şotlandiya Kubokunun qalibi edib, həmçinin Avropa Liqasının finalına daşıyıb. 49 yaşlı mütəxəssis 2022-ci ilin noyabrından bəri işsiz idi.
2023/2024 mövsümündə uğursuz çıxış etmiş “Beşiktaş” ötən bir il ərzində bir neçə məşqçi dəyişib. Son olaraq Fernando Santosla yollarını ayırmış İstanbul təmsilçisi mövsümün son oyunlarında komandaya rəhbərliyi Serdar Topraktepeye tapşırmışdı.


