Nihad Quliyev və Vüsal Məsimov “Səbail”də – Rəsmi

“Kəpəz”dən ayrılan Vüsal Məsimov və “Qarabağ”ın üzvü Nihad Quliyev bundan sonra “Səbail”in uğurları üçün çalışacaqlar.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Səbail” heyətini iki yeni futbolçu ilə gücləndirib. “Dənizçilər” son olaraq “Kəpəz”də çıxış etmiş Vüsal Məsimovla “Qarabağ”ın futbolçusu Nihad Quliyevi heyətə qatıblar. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Vüsal Məsimov “Səbail”ə azad agent kimi qoşulub. “Kəpəz”lə müqaviləsinin müddəti başa çatmış müdafiəçi 2023-cü ilin avqustunda “Turan Tovuz”dan ayrılaraq Gəncə klubuna keçmişdi. O, vaxtilə Gəncə klubu Birinci Divizionda (hazırkı Birinci Liqa) mübarizə apararkən də “Kəpəz”in formasını geyinib. Geridə qalmış 2023/2024 mövsümündə Məsimov 27 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.

Nihad Quliyev isə “Qarabağ”ın yetirməsidir. 2022/2023 mövsümünü icarə əsasında “Şamaxı”da keçirmiş futbolçunun Ağdam klubu ilə müqaviləsinin müddəti bu yay bitib. Bu üzdən də böyük ehtimalla o, “Səbail”ə azad agent kimi qoşulub. “Qarabağ”ın əsas komandasında 4 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalmış 22 yaşlı dayaq yarımmüdafiəçisi Azərbaycanın U-19 və U-21 yığmalarında da çıxış edib.

Xatırladaq ki, “Səbail” daha öncə “Turan Tovuz”dan ayrılan Fərid Nəbiyevi də heyətinə qatmışdı. Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev isə komandanı tərk edib. Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədovla da yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: