Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesablarında məlumat yayıb.
O, Birinci Liqa təmsilçisi ilə vidalaşıb. Ayrılığın dəqiq səbəbləri bilinmir.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlamışdı. 28 yaşlı futbolçu ötən mövsüm sözügedən komandanın heyətində 33 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
“Ümraniyəspor” Türkiyə Birinci Liqasının 2023/2024 mövsümünü 11-ci sırada başa vurub.
Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 22 oyun keçirib.


