Keysuke Honda: “Əlimdən gələni edəcəyəm ki, “Neftçi” çempion olsun”

Yaponiyalı futbolçu Keysuke Honda “Neftçi”yə transferindən danışıb.

Arena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu gün baş tutan təqdimat mərasimindən sonra bunları söyləyib:

“Gözəl təqdimata görə təşəkkür edirəm. Burada olduğum üçün çox xoşbəxtəm. Rəqiblərimiz olduqca güclüdür. Bilirəm ki, asan olmayacaq. “Neftçi” çempion olmaq istəyir, mən də ambisiyalıyam. Ona görə də bura gəldim”.

Mən gəlməmişdən əvvəl “Neftçi”nin iki oyuna baxmışam. Komanda müdafiədə yaxşı oynayır. Mən hücumameyilli oyunçuyam. Hücuma kömək etməyə çalışacağam. Komanda uzun müddətdir ki, çempion olmur. Bu il şansımız var. Əlimdən gələni edəcəyəm ki, çempion olaq.

“Neftçi”ni seçməyimin bəzi səbəbləri var. Yanvarda başqa klubdan təklif almışdım. Amma mən Avropada oynamaq istəyirdim. “Neftçi” böyük klubdur. Mənə bu imkanı verdikləri üçün təşəkkür edirəm. Mənə sual verdilər ki, niyə Yaponiyaya qayıtmırsan? Bildirdim ki, orada 3 il oynamışam, artıq mənə maraqlı deyil. Onlara söylədim ki, bu, mənim üçün yeni çağırışırdır. Düzdür, karyeram ərzində çox səhvlər etmişəm. Amma burada onları təkrarlamayacağam.

Bu, mənim üçün yeni səhifədir. Əvvəlcədən nəyəsə zəmanət vermək çətindir. Çox yaxşı formadayam. Digər müsbət məqam odur ki, növbəti matçadək vaxtımız var. Orada komanda yoldaşlarımızı daha yaxşı tanıyacağam.

Gələcəkdə nə olacağını heç kim bilmir. Əvvəlcə mövsüm bitsin. 2 aylıq müqaviləmiz var. Mövsümün sonunda bu barədə danışmaq olar.

Gələcəkdə nə olacağını heç kim bilmir. Əvvəlcə mövsüm bitsin. 2 aylıq müqaviləmiz var. Mövsümün sonunda bu barədə danışmaq olar.

Portuqaliyada qış transfer pəncərəsi bağlı olduğu üçün “Portimonense”də oynaya bilmədim. Hazırda Portuqaliyaya qayıtmaq barədə düşünmürəm. Öz oyunumuzu düşünməliyik. Komandamız yaxşı nəticələr göstərsə, nəinki mən, digər oyunçulara da təkliflər gələcək.

Azərbaycan futbol oynayacağım 8-ci ölkə olacaq. Bununla qürur duyuram. Lakin bu, hələ son deyil. İnanıram ki, karyeramda başqa ölkələr də olacaq”.

Keysuke Honda Kamboca yığmasındakı fəaliyyəti barədə də danışıb: “Kamboca millisinin baş məşqçisi yox, baş meneceriyəm. Burada böyük bir layihə var. Orada yaxşı insanlar işləyir. Yığmaya vaxt ayırmaq mənim üçün problem olmayacaq. Təbii ki, mənim üçün ilk sırada klubum dayanır.

“4” nömrəli formanı seçməyimə gəlincə, Yaponiya millisində də bu nömrə altında oynamışam. Bu nömrə ilə daha çox qol vurmuşam. Bəziləriniz bu cavabıma gülə bilərsiniz. Mətbuat konfransı çox çətin keçir”.

Prezident açıqlaması

Təqdimat mərasimində iştirak edən klub prezidenti Kamran Quliyev isə bunları söyləyib:

“Keysuke Honda “Neftçi” haqqında kifayət qədər məlumatlıdır. Azərbaycan futbolu haqqında da bilir. Səhv etmirəmsə, 2012-ci ildə Yaponiya ilə yoldaşlıq görüşü keçirmişik. Həmin matça özüm də baxmışam. Hondanın həmin oyunda qol vurmaq şansı var idi. Lakin onun möhtəşəm cərimə zərbəsini Kamran Ağayev dəf edib.

İnanmaq istəyirik ki, Hondanın gəlişi bizə neçə ildir istədiyimiz çempionluğu qazanmağa kömək edəcək. Çempionatın qalan 8 oyunu yaponiyalı futbolçu üçün də uğurlu alına bilər. Ona görə Hondaya uğurlar. Azərbaycana bu səviyyədə nə qədər çox futbolçu gəlsə, yaxşı olar. Təbii ki, “Neftçi” ölkənin ən titullu klubudur. O da bilir ki, hara gəlir və kimin yanına gəlir. Bizim azarkeşlərin yanına gəlir. Bizə 8 oyunda kömək etsə, çempion olsaq, yayda yeni müqavilə barədə danışa bilərik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: