Niderland millisinin və “Mançester Yunayted”in mərkəz yarımmüdafiəçisi Donni van de Bek bundan sonra “Jirona”nın formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
La Liqa təmsilçisi niderlandlı oyunçunu cəmi 500 min avro qarşılığında heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Donni van de Bek “Mançester Yunayted”ə 2020-ci ilin yayında Niderland nəhəngi “Ayaks”dan 39 milyon avro qarşılığında keçmişdi. O, İngiltərə nəhənginin heyətində 62 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Mançester klubunda olduğu müddətdə o, əvvəlcə “Everton”a icarəyə verilib və 2022-ci ilin yanvarından iyununa qədər bu komandada çxış edib. Yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını da Almaniyanın “Ayntraxt” komandasında icarədə keçirib.
Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Donni, 2017-ci ilin noyabrında əsas millidə debüt edib. O, Niderland yığmasında 19 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Jirona” “Ayaks”ın əslən Qanadan olan gənc yarımmüdafiəçisi Qabriel Misehuyu da heyətinə qatıb. Azad agent statusuna malik 18 yaşlı futbolçu ilə də 4 illik müqavilə imzalanıb. Maraqlıdır ki, o da məhz mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.

Kataloniya klubu gənc qapıçısı Toni Fuidiası da “Kartaxena”ya icarəyə verib. 23 yaşlı qolkiper 2025-ci ilin 30 iyununa kimi aşağı liqada klubunda çıxış edəcək. İspan futbolçunun “Jirona” ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.

Madrid “Real”ının yetirməsi olan Toni Fuidias 2022-ci ilin sentyabr ayında azad agent kimi “Jirona”ya qoşulub. Amma o, bu komandanın heyətində cəmi 3 oyuna çıxıb və 4 qol buraxıb.
“Mançester Yunayted” Evans və Kollierlə yeni müqavilə bağladı
Donni van de Beki satan “Mançester Yunayted”də isə iki futbolçu ilə yeni müqavilə imzalanıb. Bunlardan biri klubun təcrübəli futbolçusu Conni Evansdır. “Qırmızı şeytanlar”la 36 yaşlı oyunçu arasında 1 illik yeni sözləşmə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu yay bitmişdi.
“Mançester Yunayted”in yetirməsi olan şimali irlandiyalı müdafiəçi ötən mövsüm 30 oyunda meydana çıxıb. O, “qırmızı şeytanlar”ın heyətində bütövlükdə 228 oyun keçirib, 7 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Evans “Lester Siti”, “Vest Bromviç”, “Sanderlend”, “Antverpen” kimi klubların da formasını geyinib. Mərkəz müdafiəçisi Şimali İrlandiya yığmasının heyətində meydana çıxdığı 104 oyunda 6 qola imza atıb, 3 assist edib.
“Mançester Yunayted” gənc futbolçusu Tobias Kollierlə də müqavilənin müddətini uzadıb. 20 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb
“Brayton”un yetirməsi olan Tobias Kollier 2022-ci ildən “Mançester Yunayted”dədir. İngilis futbolçuya hələ əsas komandada debüt etmək qismət olmayıb. O, İngiltərənin U-15 və U-16 yığmalarında da oynayıb.


