Futbol üzrə İtaliya milli komandasının və “Latsio”nun hücumçusu Çiro İmmobile bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
İstanbul nəhənginin bu transfer üçün İtaliya klubuna nə qədər ödədiyi açıqlanmır. 34 yaşlı forvardla 2 illik müqavilə imzalanıb. İtaliyalı futbolçu yeni klubunda ilinə 6 milyon avro qazanacaq. O, “qara qartallar”ın heyətində 17 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Çiro İmmobile 2016-cı ilin iyul ayından “Latsio”nun uğurları üçün çalışırdı. O, geridə qalmış mövsümdə meydana çıxdığı 43 oyunda 11 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. İmmobile bu komandanın heyətində bütövlükdə 340 oyuna çıxıb. Təcrübəli forvard bu matçlarda 207 qola imza atıb, 54 məhsuldar ötürmə müəllifi olub.
Təcrübəli forvard “Yuventus”un yetirməsi olsa da, Turin təmsilçisində çox oyun şansı qazanmayıb. Çiro karyerası ərzində “Syena”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya” (Dortmund) və “Sevilya”da da forma geyinib.
İmmobile 2014-cü ilin mart ayında debüt etdiyi İtaliya yığmasında 57 oyun keçirib, 17 qol vurub, 8 assist edib.
“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, “Beşiktaş” sağ cinah müdafiəçisi Valentin Rozye ilə də yollarını ayırıb. 27 yaşlı futbolçu azad agent kimi İspaniyanın “Leqanes” klubuna keçib.
Valentin Rozye “Beşiktaş”a 2022-ci ilin iyul ayında Portuqaliyanın “Sportinq” klubundan 4,8 milyon avroya transfer olunub. Onun İstanbul təmsilçisi ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Rozye 2020/2021 mövsümündə də icarə əsasında “Beşiktaş”ın uğurları üçün çalışıb. Fransız futbolçu Türkiyə klubunun heyətində bütövlükdə 126 oyun keçirib, 6 qola imza atıb, 18 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsümdə isə o, icarə əsasında Fransanın “Nitsa” klubunda çıxış edib.
Rozye daha öncə Lissabon “Sportinq”ində legioner həyatı yaşayıb. Fransalı futbolçu ölkəsində “Rodez” və “Dijon”un da uğurları üçün çalışıb. Fransanın U-21 yığmasının sabiq üzvü Türkiyə klubunun heyətində həm çempion, həm də kubokun qalibi olub.


