Robert Bauer “Neftçi”də – Video

Almaniyalı mərkəz müdafiəçisi, azad agent statusunda olan Robert Bauer bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, “Neftçi” bu gün yeni mövsüm öncəsi dördüncü transferini reallaşdırıb. Almaniyalı müdafiəçi Robert Bauerlə 3 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu yeni komandasında 23 nömrəli formanı geyinəcək.

Dörd fərqli mövqedə – müdafiənin hər iki cinahında, mərkəzində və orta xətdə oynamağı bacaran Bauer yüksək sürətə və texnikaya malikdir. Almaniyada “İnqolştadt”, “Verder”, “Nürnberq” klublarında çıxış etmiş futbolçu Bundesliqada 100-ə yaxın oyun keçirib, 2-ci Bundesliqanın çempionu olub. Bundan əlavə, Rusiya Premyer Liqasında “Arsenal” (Tula) və Belçikada “Sent-Trüden” klublarının formasını geyinmiş Robert son mövsümü bir çox ulduz futbolçuların çıxış etdiyi Səudiyyə Ərəbistanı Pro Liqasında mübarizə aparan “Əl-Tai”də keçirib. O, sözügedən komandanın heyətində 34 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.

Robert Bauer 13 dəfə şərəfini qoruduğu Almaniya U-20 milli komandası ilə 2016-cı ildə dünya çempionatının 1/4 finalına yüksəlib və Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Xatırladaq ki, “Neftçi” daha öncə Edvin Kuç (“Ballkani”, Kosovo), Emil Səfərov (“Qəbələ”) və Ramil Şeydayevi (“Kocaelispor”, Türkiyə) də heyətinə qatmışdı.

Ömər Buludov, Rüfət Abbasov, Turan Vəlizadə, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov, Ataa Caber və İvan Brkiç də paytaxt klubunu tərk ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: