Türkiyə milli komandasının sabiq hücumçusu, son olaraq “Sarıyer”də forma geyinmiş Umut Bulut futbolçu karyerasını başa vurub.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
41 yaşlı veteran futbolçu bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. O, hazırda işsiz olan və gələn təklifləri dəyərləndirən Rıza Çalımbayın məşqçi heyətində yer alacaq. Bunu Çalımbay yerli mətbuata açıqlamasında bildirib.
Xatırladaq ki, Umut Bulut 2023-cü ilin avqust ayından “Sarıyer”də forma geyinirdi. Təcrübəli forvard daha öncə “Eyüpspor”, “Yeni Malatyaspor”, “Kayserispor”, “Qalatasaray”, “Tuluza”, “Trabzonspor”, “Ankaragücü”, “İnegölspor”, “Petrolofisi” kimi komandalarda da çıxış edib.
Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Umut, 2007-2018-ci illər aralığında əsas millidə forma geyinib. O, Türkiyə yığmasında 39 rəsmi matça çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
Umut Bulut Türkiyə Super Liqasında ən çox oyun keçirmiş futbolçudur. Belə ki, o, ölkə çempionatında meydana çıxdığı 515 oyunla Super Liqanın tarixinə düşüb. Hücumçu bu görüşlərdə 163 qola imza atıb.
Umut “Qalatasaray”la 2 dəfə Türkiyə çempionu (2012/2013 və 2014/2015 mövsümlərində) olub. O, İstanbul təmsilçisinin heyətində 3 dəfə Türkiyə Kubokunun da qalibi (2013/2014, 2014/2015 və 2015/2016 mövsümlərində) olub. Bulut 2009/2010 mövsümündə “Trabzonspor”la da Türkiyə Kubokunu qazanıb, üstəlik o, həmin mövsümdə vurduğu 7 qolla yarışın bombardiri olub.
Hücumçu Türkiyə Super Kubokunda da 4 dəfə zəfər yaşayıb. O, bunlardan birini “Trabzonspor”la (2010/2011), üçünü isə “Qalatasaray”la (2012/2013, 2013/2014 və 2015/2016) bacarıb.


