“Arsenal”ın fransalı sabiq müdafiəçisi Vilyam Qallas “topçular”ın ukraynalı müdafiəçisi Aleksandr Zinçenkonun oyun səviyyəsindən danışıb.
Arena.az Qallasın bu barədə fikrini təqdim edir:
“Düşünürəm ki, “Arsenal”ın futbolu Aleksandr Zinçenkonun onlara təklif edə biləcəklərindən uzaqlaşıb. Futbol daim inkişaf edən bir oyundur. Futbol, ən yaxşı komandaların müdafiədə necə oynamağa çalışması baxımından hazırda yenidən dəyişir”, deyə Vilyam Qallas vurğulayıb.
Xatırladaq ki, Aleksandr Zinçenko “Arsenal”a 2022-ci ilin iyulunda 35 milyon avro qarşılığında “Mançester Siti”dən keçib. Ukraynalı müdafiəçinin “topçular”la müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə Zinçenko “Arsenal”ın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Ukraynalı oyunçunun “Arsenal” karyerası bütövlükdə 68 oyun, 2 qol və 4 məhsuldar ötürmədən ibarətdir.
Zinçenko 2019-cu ildə Ukraynada ilin futbolçusu seçilib. Ukraynalı müdafiəçinin qənimətlərinin hamısı “Mançester Siti”də çıxış etdiyi dövrə aiddir: 5 dəfə Premyer Liqa çempionluğu, 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Liqa Kuboku, 2 dəfə İngiltərə Super Kuboku.
Xatırladaq ki, ukraynalı futbolçu Donetsk “Şaxtyor”unun yetirməsidir. O, “Mançester Siti”yə gedənə qədər “Ufa”da da forma geyinib. 2016-cı ildə isə müdafiəçi Niderland təmsilçisi PSV-də icarədə olub.
Zinçenko 2015-ci ilin oktyabrında debüt etdiyi Ukrayna millisinin heyətində 66 oyun keçirib, 9 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı Aleksandr Zinçenkonu 38 milyon avro məbləğində qimətləndirir.


