Türkiyənin “Rizəspor” klubunun mərkəz müdafiəçisi Emirhan Topçu bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “qara qartallar”ın mətbuat xidmətinə istinadən xəbər verir.
“Beşiktaş” bu transfer üçün Rizə klubuna 3,4 milyon avro ödəyib. 23 yaşlı müdafiəçi ilə müqavilənin müddəti barədə məlumat verilməyib.
Emirhan Topçu “Rizəspor”un yetirməsidir. O, bu klubun əsas komandasında 89 oyuna 2 qol vurub, 6 assistlə yadda qalıb. Müdafiəçi icarə əsasında “Menemenspor”da və “Çelik”də də forma geyinib.
Hasiçlə Rebiç “Beşiktaş”dan getdilər
“Beşiktaş” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Bosniyalı sağ vinger Aydın Hasiç İstanbul təmsilçisini azad agent kimi tərk edərək Polşa klubu “Krakoviya”ya keçib. 22 yaşlı futbolçu yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb.
Zaqreb “Dinamo”sunun yetirməsi olan Aydın Hasiç 2020-ci ilin yanvarında “Beşiktaş”a keçsə də, İstanbul klubunda cəmi 13 oyuna çıxıb və 2 qolla yadda qalıb. Bosniyalı vinger bu üzdən “Sarayevo”, “Ümraniyəspor”, “Göztəpə” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. Hasiç Bosniya və Herseqovinanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Xorvatiyalı sol vinger Ante Rebiç də “Beşiktaş”ı tərk edib. Hazırda 30 yaşlı futbolçu azad agent statusundadır və özünə yeni klub axtarır. Rebiç “Beşiktaş”a ötən ilin yayında “Milan”dan azad agent kimi keçmişdi. O, “qara qartallar”ın heyətində 23 oyuna çıxıb, 1 qol və 5 assist müəllifi olub. Rebiç “Milan”, “Ayntraxt”, “RNK Split”, “Fiorentina”, “Leypsiq” və “Verona” kimi klublarda da forma geyinib. Yarımmüdafiəçi Xorvatiya millisində 42 oyuna çıxıb, 3 qola imza atıb, 4 assist edib.
Tayfur Bingöl icarəyə göndərildi
“Beşiktaş” Tayfur Bingölü də “Eyüpspor”a icarəyə verib. 31 yaşlı sağ cinah müdafiəçisi qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Onun “Beşiktaş”la 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var.
“Hacettepe”, “Gənclərbirliyi”, “Bandırmaspor”, “Adana Dəmirspor”, “Alanyaspor”, “Göztəpə”, “Buraspor” kimi klublarda da oynamış Tayfur, 2022-ci ildən “Beşiktaş”dadır. O, İstanbul təmsilçisinin heyətində 46 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
Tayfuru heyətinə qatan “Eyüpsor”da da iki ayrılıq yaşanıb. Anqolalı hücumameyilli yarımmüdafiəçi Fredi sözügedən klubu azad agent kimi tərk edərək “Bodrumspor”a keçib. 34 yaşlı futbolçu Super Liqanın yeni klubu ilə 2 illik müqavilə bağlayıb. Karyerası ərzində “Belenenseş”, “Libolo”, “Ekselsior”, SAD, “Antalyaspor” kimi klublarda da forma geyinmiş təcrübəli oyunçu 2023-cü ilin sentyabrından “Eyüpspor”da çıxış edirdi. O, Anqola yığmasında da 40 oyuna çıxıb, 2 qol vurub.
“Eyüpspor”un mərkəz yarımmüdafiəçisi Sinan Kurt da “Amedspor”a keçib. 29 yaşlı futbolçu 2022-ci ilin yayında “Adana Dəmirspor”dan “Eyüpspor”a keçmişdi. O, “Oberhauzen”, “Osmanlıspor”, “Buğsaşspor”, “Sakaryapsor” kimi klublarda da forma geyinib.
“Bodrumspor” Fredi ilə yanaşı, Fransanın “Mets” klubunun mərkəz müdafiəçisi Kristof Hereli də heyətinə qatıb. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, karyerası ərzində “Soşo”, “Kolmar”, “Kretey-Luzitanos”, “Trua”, “Nitsa”, “Brest” kimi klublarda da forma geyinib.
Emirhan Topçunu “Beşiktaş”a satan “Rizəspor” da heyətinə yeni futbolçu cəlb edib. Sözügedən klub Bosniya və Herseqovina təmsilçisi “Sarayevo”nun mərkəz yarımmüdafiəçisi Məhəmməd Bulyubaşiçi transfer edib. Türkiyə klubu bu transfer üçün 1,5 milyon avrosundan keçib. 20 yaşlı bosniyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Karyerası ərzində yalnız “Sarayevo”da otnamış Bulyubaşiç, Bosniya və Herseqovinanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynayıb.


