Ervin Koffi ilə bağlı yeni qərar: cəzası yüngülləşdirildi

“Neftçi”nin AFFA İntizam Komitəsi tərəfindən cəzalanmış futbolçusu Ervin Koffi ilə bağlı apellyasiya şikayəti qismən təmin edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçinin 2 oyunluq cəzası 1 görüşə endirilib.

Xatırladaq ki, fransalı oyunçu Azərbaycan Premyer Liqasının 2-ci turunda “Səbail”lə keçirilən matçdan sonra azarkeşlərə kənar əşya atmış və buna görə 2 oyun cəzaya məruz qalmışdı. “Neftçi” isə 2000 manat cərimə olunmuşdu.

Apellyasiya Arbitraj Tribunalı Koffinin cəzasının çəkilməyən 1 oyunu şərti ilə dəyişdirilib. Ona 3 ay sınaq müddəti qoyulub. Ancaq klubun cərimə məbləği olduğu kimi saxlanılıb.

Apellyasiya Arbitraj Tribunalının bu şikayətlə bağlı qərarlarını təqdim edirik:

  1. Şikayətçi “Neftçi” Peşəkar Futbol Klubunun apellyasiya şikayəti qismən təmin edilsin.
  2. 11 avqust 2024-cü il tarixdə Misli Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” klubunun 99 nömrəli futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə futbolçunun 2 oyun cəzalanması, “Neftçi” klubunun 2000 manat cərimə edilməsi (AFFA İntizam Məcəlləsinin 40.4-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 15 avqust 2024-cü il tarixli qərarı “oyun cəzası” sanksiyası hissəsində dəyişdirilsin.
  3. Futbolçu barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilsin.
  4. Futbolçu üçün şərti cəzanın çəkilməsinə görə 3 (üç) ay sınaq müddəti təyin edilsin.
  5. AFFA İntizam Komitəsinin 15 avqust 2024-cü il tarixli qərarı “cərimə sanksiyası” hissəsində qüvvədə saxlanılsın.
  6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
  7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
  8. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
Xəbəri sosial şəbəkələrdə paylaş: