Konor Qallaxer “Çelsi” azarkeşlərinə müraciət ünvanladı

Madrid “Atletiko”sunun və İngiltərə yığmasının mərkəz yarımmüdafiəçisi Konor Qallaxer “Çelsi” azarkeşlərinə müraciət ünvanlayıb.

Arena.az məlumat verir ki, futbolçu özünün sosial şəbəkə hesabı üzərindən paylaşdığı yazısında, əvvəllər heyətində çıxış etdiyi “zadagənlar”a və azarkeşlərinə təşəkkürünü bildirib, kluba gələcəkdə uğurlar arzu edib:

“Çelsi”dəki hər kəsə arzularımı gerçəkləşdirdikləri üçün təşəkkür edirəm. Hər dəfə bu formanı geyinmək böyük şərəf idi. Şadam ki, komandanın kapitanı olmaq arzusu bir çox hallarda gerçəkləşdi. Bu məqamın hər anından həzz alırdım. Bu xatirələr əbədi olaraq qalacaq.

Azarkeşlərin bütün sevgisini və dəstəyini yüksək qiymətləndirirəm. “Stemford Bric”də adımın səsləndirilməsini eşitmək xüsusi duyğudur. Asdığınız lövhə mənim üçün hər şey demək idi. Hər şey üçün təşəkkür edirəm. Kluba gələcək üçün ən yaxşısını arzulayıram və hamınızı tezliklə “Stemford Bric”də görməyə ümidvaram!”, – Qallaxer dərc edib.

Xatırladaq ki, ingilis yarımmüdafiəçi bir müddət öncə “döşəkçilər”lə müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb. Madrid klubu Qallaxerin keçidi müqabilində “Çelsi”yə 42 milyon avro ödəyib.

Konor Qallaxer “Çelsi”nin yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində “Çarlton”, “Suonsi Siti”, “Vest Bromviç” və “Kristal Pelas”da icarə əsasında çıxış edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Qallaxer “Çelsi”nin heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib. Qallaxerin “zadəganlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 95 oyun, 10 qol, 10 məhsuldar ötürmə.

Konor Qallaxer 2021-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 18 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Konor Qallaxerin qənimətlər muzeyində “Çelsi”nin U-18 komandası ilə qazandığı İngiltərə Gənclər Liqası çempionluğu (2016/2017 və 2017/2018), həmçinin “zadəganlar”la əldə etdiyi Avropa Liqası (2018/2019) var. Qallaxer milli komanda səviyyəsində İngiltərənin U-17 komandası ilə Dünya Kubokunun (2017) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: