“Milan” rəsmisisindən Rafael Leaonun gələcəyi ilə bağlı açıqlama

“Milan”ın baş direktoru Corcio Furlani “rossoneri”nin portuqaliyalı vingeri Rafael Leaonun gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az xatırladır ki, daha əvvəl mətbuatda, “rossoneri”nin portuqaliyalı futbolçunun transferi üçün “Barselona”dan 175 milyon avro məbləğində ödəniş istədiyi, həmçinin Leaonun “Barselona”ya keçməkdə maraqlı olduğu barədə məlumat yayılmışdı.

“Leaonun keçidi? Xeyr, bunun ehtimalı sıfırdır. “Rafa” Leao yüz faiz “Milan”da qalacaq. Mən buna əminəm. Leao bu yay “Milan”ı tərk etməyəcək. Heç bir halda”, deyə Furlani vurğulayıb.

Rafael Leao “Sportinq”in yetirməsidir. Portuqaliyalı vinger “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Rafael Leao “rossoneri”nin heyətində ümumilikdə 211 oyuna çıxıb, 58 qol vurub, 50 məhsuldar ötürmə verib.

Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib.

Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 31 oyun keçirib, 4 qol vurub, 5 məhsuldar ötürmə verib. Vingerin aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var. Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı portuqal sol vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: