Ante Rebiç yenidən İtaliya A Seriyasında çıxış edəcək

Bu yay Türkiyənin “Beşiktaş” klubundan ayrılmış xorvatiyalı sol vinger Ante Rebiç yenidən İtaliya A Seriyasında çıxış edəcək.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu azad agent kimi “Leççe”yə keçib.

Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Ante Rebiç “Beşiktaş”a ötən ilin yayında “Milan”dan azad agent kimi keçmişdi. O, “qara qartallar”ın heyətində 23 oyuna çıxıb, 1 qol və 5 assist müəllifi olub.

Rebiç “Milan”, “Ayntraxt”, “RNK Split”, “Fiorentina”, “Leypsiq” və “Verona” kimi klublarda da forma geyinib. Yarımmüdafiəçi Xorvatiya millisində 42 oyuna çıxıb, 3 qola imza atıb, 4 assist edib.

“Leççe” Rebiçdən başqa daha iki futbolçunu heyətinə qatıb. Bunlardan biri fransalı mərkəz müdafiəçisi Qabi Jandır. İtaliya klubu onu Fransanın “Ansi” klubundan 1 milyon avroya transfer edib. 24 yaşlı futbolçu yeni klubu ilə 3+2 illik müqavilə bağlayıb.

“Leççe” Fransanın “Strasburq” klubunun müdafiəçisi Frederik Gilberi də transfer edib. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti və transferin detalları məlum deyil.

Müdafiənin həm mərkəzində, həm də sağında oynamağı bacaran Gilber, vaxtilə Fransanın U-21 yığmasında çıxış edib. O, karyerası ərzində “Kan”, “Şerbur”, “Bordo”, “Aston Villa” kimi klubların da şərəfini qoruyub.

“Leççe” fransalı müdafiəçisi Valentin Jandreni də Almaniyanın “Hoffenhaym” klubuna satıb. İtaliya klubu bu satışdan 8 milyon avro qazanıb. 24 yaşlı futbolçunun Bundesliqa təmsilçisi ilə bağladığı müqavilənin müddəti və digər detalları açıqlanmır.

Valentin Jandre peşəkar karyerasına Fransanın “Amyen” klubunda başlayıb. O, 2021-ci ildən “Leççe”də çıxış edirdi. Jandre Fransanın U-18 və U-21 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: