Emiliano Martines: “Aston Villa” qənimət qazanmalıdır”

“Aston Villa”nın qapıçısı Emiliano Martines cari mövsüm və kuboklar qazanmağın klub üçün vacibliyi haqqında fikirlərini paylaşıb.

Arena.az argentinalı qapıçının bu barədə fikrini təqdim edir:

“Məşqdə yüksək səslə deyirəm: “Biz qənimət qazanmalıyıq, heç olmasa finalda oynamalıyıq”. Bu klub və bu azarkeşlər qənimət mövsümünə layiqdirlər. Burada olmağı sevirəm, amma irəliləyiş görmədiyim klubda qalmaram. Çünki yeni zirvələrə çatmaq, qalib gəlmək, bacardığım qədər dünyanın ən yaxşı qapıçısı olmağa çalışmaq istəyirəm”.

Martines hesab edir ki, Unai Emerinin çalışdırdığı Birmingem komandası 2024/2025 mövsümündə hətta Çempionlar Liqasının finalına yüksələ bilər:

“Məşqçimizi nəzərə alsaq, bəli. O, “Vilyarreal”la Çempionlar Liqasının yarımfinalında çıxış edib. O, dörd dəfə Avropa Liqasının qalibi olub. “Villa”ya gəlincə, bu, Çempionlar Liqasında ilk dəfədir, bizim üçün yenilik olacaq. Amma məşqçimiz və futbolçularımızla finala yüksələ bilərik”.

Xatırladaq ki, Argentina millisinin qapıçısı bir neçə gün öncə “Astan Villa” ilə müqaviləsini yeniləyib. Təcrübəli qolkiper yeni müqaviləyə əsasən daha 5 il (2029-cu ilin 30 iyununa qədər) bu klubun şərəfini qoruyacaq.

Emiliano Martines 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edir.

London “Arsenal”ının yetirməsi olan futbolçu, bu komandada çox şans qazanmayıb. O, həmin dövrdə “Oksford Yunayted”, “Şeffild Yunayted”, “Roterem Yunayted”, “Vulverhempton”, “Xetafe” və “Ridinq” kimi komandalarda icarədə oynayıb.

Martines indiyə qədər “Aston Villa”da 161 rəsmi matça çıxıb. O, bu oyunlarda 198 qol buraxıb, 54 matçda qapısını toxunulmaz saxlayıb.

Emiliano 2021-ci ilin iyun ayında debüt etdiyi Argentina yığmasının heyətində 45 oyuna çıxıb. O, bu oyunlarda cəmi 17 qol buraxıb, 33 görüşdən isə “quru” çıxıb.

Argentinalı qolkiper ölkəsinin yığması ilə bir dəfə dünya çempionu olub (DÇ-2022), iki dəfə Amerika Kubokunun (2021 və 2024), bir dəfə Finalissimanın (2022) qalibi olub. Martinesin qazandığı titullar arasında üç İngiltərə Kuboku (2015, 2017 və 2020) və üç İngiltərə Super Kuboku (2015, 2016 və 2021) da var. Amma o, bu uğurlara “Arsenal”da olduğu dönəmdə nail olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: