Emiliano Martines: “Hər bir peşəkar futbolçuya psixoloq gərəkdir”

“Aston Villa”nın və Argentina yığmasının qapıçısı Emiliano Martines peşəkar futbolçuların mütləq psixoloqa müraciət etməli olduğunu düşünür.

Arena.az “The Guardian” nəşrinə istinadən, argentinalı qapıçının bu barədə fikrini təqdim edir:

“Mənim psixoloqum məni çox yüksəkdə olanda yerlərə endirir, çox aşağıda olanda isə göylərə qaldırır. Məncə, hər bir futbolçunun psixoloqa ehtiyacı var. Deyə bilərsiniz ki, bu, sizin sərmayənizdir. Mənim oyunuma baxsanız görərsiniz ki, mən heç vaxt 10 baldan 10-u səviyyəsində çıxış etmirəm. Amma heç vaxt dörd ballıq da oynamıram. Mən həmişə yeddi bal ətrafında olmağa çalışıram”, deyə Martines fikrini əsaslandırıb.

Emiliano həm də haqqında yaranmış təxribatçı fikri ilə razılaşmadığını bəyan edib:

“Hər kəsin öz üslubu var. Mən heç vaxt rəqib azarkeşləri təhrik etməyə çalışmıram, sadəcə oyun bizə qarşı gedəndə təpkilərini azaltmağa çalışıram”.

Xatırladaq ki, Argentina millisinin qapıçısı bir neçə gün öncə “Astan Villa” ilə müqaviləsini yeniləyib. Təcrübəli qolkiper yeni müqaviləyə əsasən daha 5 il (2029-cu ilin 30 iyununa qədər) bu klubun şərəfini qoruyacaq.

Emiliano Martines 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edir.

London “Arsenal”ının yetirməsi olan futbolçu, bu komandada çox şans qazanmayıb. O, həmin dövrdə “Oksford Yunayted”, “Şeffild Yunayted”, “Roterem Yunayted”, “Vulverhempton”, “Xetafe” və “Ridinq” kimi komandalarda icarədə oynayıb.

Martines indiyə qədər “Aston Villa”da 161 rəsmi matça çıxıb. O, bu oyunlarda 198 qol buraxıb, 54 matçda qapısını toxunulmaz saxlayıb.

Emiliano 2021-ci ilin iyun ayında debüt etdiyi Argentina yığmasının heyətində 45 oyuna çıxıb. O, bu oyunlarda cəmi 17 qol buraxıb, 33 görüşdən isə “quru” çıxıb.

Argentinalı qolkiper ölkəsinin yığması ilə bir dəfə dünya çempionu olub (DÇ-2022), iki dəfə Amerika Kubokunun (2021 və 2024), bir dəfə Finalissimanın (2022) qalibi olub. Martinesin qazandığı titullar arasında üç İngiltərə Kuboku (2015, 2017 və 2020) və üç İngiltərə Super Kuboku (2015, 2016 və 2021) da var. Amma o, bu uğurlara “Arsenal”da olduğu dönəmdə nail olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: