“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, məlum səbəblərdən Tovuz şəhərində baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Bizi çətin oyun gözlədiyini bilirdik. “Kəpəz” üçün hər matç geridönüş etmək üçün bir fürsətdir. Futbolçularıma təşəkkür edirəm, ilk 15 dəqiqədə möhtəşəm mübarizə apardılar. Düzdür, çoxlu qol epizodlarından yararlana bilmədik, amma bu, normaldır. Çox mühüm 3 xal qazandıq. Bundan sonra daha da çətin olacaq. Yolumuza davam edəcəyik”.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov da qarşılaşmadan sonra fikirlərini patlaşıb:
“Komandada vəziyyət elədir ki, oyundan-oyuna tam adaptasiya ola bilmirik. Bəzi şeyləri dəyişmək istəmişik. Amma oyunda alınmır. Bu gün müdafiədə çox kobud səhvlərə yol verdik. Belə qollar buraxanda komanda təzyiq altına düşür. Uşaqlar bu təzyiqdən çıxa bilmədilər. İkinci hissədə bəzi şeyləri dəyişmək istədik. Amma alınmadı. Komada qol vura bilmir. Hücumda çox şeyi dəyişməliyik”.
Azər Bağırov azarkeşlərin istefa şüarlarına da münasibət bildirib:
“Mən güclü adamam. Dəyişikliklər edəcəyik. Hamını komandaya dəstək olmağa səsləyirəm. Yaxşı oyunlarımız olacaq. Daha bir neçə oyunçu bizə qoşulacaq. Qol vurmaq lazımdır ki, üstünlük səndə olsun. Bunun üzərində çox işləməliyik. Bizim problemimiz müdafiədə deyil, hücumdadır. Vaxtında qol vura bilmirik. Bunun nəticəsində də müdafiə təzyiqdə olur. Səhvlərin üzərində işləyəcəyik. Həmin səhvləri aradan qaldırandan sonra nəticələr də gələcək. Ümid etməli deyilik, iş görməliyik, bilməliyik ki, tutduğumuz yox düzdür. Futbolçularımızı kiçiltmək istəmirəm. Taktiki planda iş görməliyik. Tribunadakı şüarlar futbolçulara da təsir edir. İstefa şüarları, futbolçuların ünvanına deyilən sözlər… Əlimizdə olan futbolçular bunlardır. Onlarla bu vəziyyətdən çıxmalıyıq”.


