Porro “Real”ın onunla maraqlanması haqda: “Qürur duyuram”

“Tottenhem”in sağ cinah müdafiəçisi Pedro Porro İspaniya nəhəngi “Real”dan ona olan maraqla bağlı şayiələri cavablayıb.

Arena.az İngiltərə klubunun ispan futbolçusunun bu barədə cavabını təqdim edir:

“Əlbəttə, mən bu söz-söhbətlərdən qürur duyuram, çünki onların ortaya çıxması o deməkdir ki, mən hər xüsusu düzgün icra edirəm. “Real”a keçidim bir gün baş versə, bundan xəbəriniz olacaq. İndi isə bütün diqqətimi cari klubum “Tottenhem”ə yönəltmişəm”.

Xatırladaq ki, Pedro Porro karyerasına “Peralada” klubunda başlayıb. Daha sonra “Jirona”dakı çıxışı ilə diqqət çəkən müdafiəçi 2019-cu ildə 12 milyon avro qarşılığında İngiltərənin “Mançester Siti” klubuna keçib. Elə həmin vaxt “Valyadolid”ə icarəyə verilən futbolçu, 2020-ci ildə də “Sportinq” tərəfindən icarəyə götürülüb. 2022-ci ilin yayında Portuqaliya klubu “şəhərlilər”ə 8,5 milyon avro ödəyərək Porronun transfer hüquqlarını da alıb. “Mançester Siti”də oynamayan futbolçu “Sportinq”də 98 matçda 12 qol vurub, 20 məhsuldar ötürmə edib.

“Tottenhem” Porronu 2023-cü ilin yanvar ayında icarə əsasında heyətinə qatıb. İspan futbolçunun yarım mövsümlük icarəsi üçün “Sportinq”ə 5 milyon avro ödəmiş İngiltərə klubu, elə həmin ilin iyulunda 40 milyon avrosundan keçərək Pedronun transfer hüquqlarını da alıb. Porro ilə “Tottenhem” arasındakı müqavilənin müddəti 2028-ci ilin 30 iyununa qədərdir.

İspaniyanın U-21 yığmasında oynamış futbolçu, 2021-ci ildən əsas milliyə dəvət alır. O, İspaniya millisində 3 oyun keçirib.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: