“İnter”in isveçrəli qapıçısı Yan Zommer İtaliya A Seriyasının cari mövsümündə çempionluğa iddialı komandalar haqda fikrini paylaşıb.
Arena.az “Gazzetta dello Sport” dərgisinə istinadən, veteran qolkiperin bu barədə fikrini təqdim edir:
“Mən çox çətin, qeyri-müəyyən bir mövsüm təsəvvür edirəm. Biz artıq “Yuventus” və “Napoli”nin nə qədər güclü olduğunu görmüşük, amma derbidə də məğlub olmuşuq: “Milan”dan da ehtiyatlanın. Sonda, gəlin görək, kim duruş gətirəcək! Amma İtaliyada hər oyunun çətin olduğunu deyəndə, bu, bir bəlağət deyil. Bu, doğrudur”, deyə Zommer bildirib.
İsveçrəli qapıçı həmçinin “Qızıl top”a öz namizədinin adını açıqlayıb. O, bu məsələdə “İnter Mayami” və Argentina yığmasının ulduz hücumçusu və kapitanı Lionel Messi ilə həmfikir olduğunu ifadə edib:
“Mən Messi ilə tamamilə razıyam. Mən Lautaro ilə artıq, bir il yarımdır tanışam və onun nəhəng şəxsiyyətinə və kapitan ruhuna dərhal diqqət yetirmişdim. O, qatil bir bitiricidir. Ona həmişə ehtiyacımız var və bu, çox layiqli bir mükafat olardı”, deyə Zommer “neradzurri”nin argentinalı mərkəz hücumçusu Lautaro Martinesi ən nüfuzlu fərdi futbol mükafatına layiq gördüyünü açıqlayıb.
Yan Zommer “İnter”ə 2023-cü ilin avqustunda 6,75 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. İsveçrəli qapıçının “neradzurri” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Zommer cari mövsümdə “İnter”in heyətində 9 oyuna çıxıb, 9 qol buraxıb, 4 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. İsveçrəli qapıçının “İnter” karyerası ümumilikdə 52 oyun, 32 buraxılmış qol və 29 “quru” oyundan ibarətdir.
Zommer 2023/2024-cü illər mövsümü “İnter”lə İtaliya A Seriyası çempionluğunu və İtaliya Kubokunu qazanıb.
Yan Zommer heyətində çıxışını artıq başa vurduğu İsveçrə yığmasında 2012-ci ilin may ayında debüt edib. Yan İsveçrə yığmasında 94 oyun keçirib və 92 qol buraxıb, 35 oyundan isə “quru” qurtulub.
Zommer “İnter”dən öncə “Bayern”, “Borussiya” (Mönhenqladbax), “Qrasshopper”, “Vaduts” və “Bazel”də çıxış edib.
“Transfermarkt” internet-portalı 35 yaşlı isveçrəli qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


