Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Bodrumspor” komandasında baş məşqçi İsmet Taşdemir istefaya göndərilib.
Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
50 yaşlı türkiyəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub hətta İsmet Taşdemir və köməkçiləri üçün vida mərasimi də təşkil edib. Onunla yanaşı, məşqçilər Hakan Dolutaş, Fatih Çiçək, Veysel Aturgil, Ali Gürsel və Yağız Taşdemirlə də müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Taşdemir və onun köməkçiləri üçün təşkil olunmuş vida mərasimində Bodrum klubunun vitse-prezidenti Səlahəddin Polat, klubun baş direktoru Sərvət Çavuşoğlu, idarə heyəti üzvləri Aşkın Demir, Caner Tuna, İsmayıl Ərdoğan və klub rəhbəri Süleyman Tekgül iştirak ediblər. Mərasimdə vitse-prezident Səlahəddin Polat Taşdemirə lövhə və çiçək təqdim edərək göstərdiyi zəhmətə görə təşəkkür edib.
İsmet Taşdemir qurulan ailə atmosferinə toxunaraq, “3 il ərzində burada çox gözəl şeylər yaşadıq, bir ailə olduq. Siz bizə burada işləmək imkanı verdiniz. Bu baxımdan sizə çox təşəkkür etmək istəyirəm, bizə çox gözəl imkanlar yaratdınız. Biz əlimizdən gələni etdik. Bodrum hər zaman qəlbimizdə qalacaq”.
Xatırladaq ki, İsmet Taşdemir 2021-ci ildən “yaşıl-ağlılar”ın baş məşqçisi kimi çalışırdı. O, bu 3 ildə komandanı 2-ci Liqaya, 1-ci Liqaya, oradan da Super Liqaya çıxarmağı bacarıb. Türkiyəli mütəxəssis bu komandanı meydana çıxardığı 129 oyunda 65 qələbə görüb, 31 heç-heçə edib, 33 məğlubiyyətə üzülüb.
Taşdemir daha öncə “Çorum”, “Ankaraspor”, “Osmanlıspor”, “Ümraniyəspor”, “Altay”, “Buğşaş Spor”, “Ankaragücü”, “Kocaeli Birlik”, “Diyarbəkir” kimi klublarda da baş məşqçi kimi çalışıb.
“Bodrumspor” bu mövsüm çıxdığı Super Liqada heç də uğurlu çıxış etmir. Komanda keçirdiyi 10 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
Sonda onu da qeyd edək ki, Türkiyə mətbuatı Bodrum klubuna bundan sonra Volkan Dəmirəlin rəhbərlik edəcəyini yazır.



