İngiltərənin “Everton” klubu yarımmüdafiəçisi Abdulaye Dukure ilə müqavilənin müddətini uzatmağa qərar verib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Fransa doğumlu malili futbolçu ilə müqavilədəki müddəti daha 1 il uzatmaqla bağlı maddəni aktivləşdirib. Bu isə o deməkdir ki, Dukure 2024-cü ilin 30 iyununa kimi “Everton”un uğurları üçün çalışmağa davam edəcək. Onun müqaviləsi 2023-cü ilin yayına – bu mövsümün sonuna kimi nəzərdə tutulmuşdu.
Abdulaye Dukure “Everton”a 2020-ci ilin sentyabr ayında “Uotford”dan gəlib. 30 yaşlı yarımmüdafiəçi indiyə qədər İngiltərə təmsilçisində 94 oyuna çıxıb. O, bu görüşlərdə 9 qol, bir o qədər də məhsuldar ötürmə müəllifi olub.
Dukure daha öncə “Uotford” (141 oyun, 17 qol, 12 məhsuldar ötürmə), “Renn” (92 oyun, 16 qol, 15 məhsuldar ötürmə) və “Qranada”da (15 oyun, 2 asist) da oynayıb. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinmiş futbolçu 2022-ci ildən Mali milli komandasında oynayıb. O, bu komandanın heyətində cəmi 2 matça çıxıb.