Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasının 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz-2” – “Turan Tovuz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə Gəncə komandası 50 manat cərimə edilib.
“Səbail-2” – “Zirə-2” oyununun 54-cü dəqiqəsində “Səbail”in futbolçusu Fərid Şahhüseyni ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Səbail” klubu isə buna görə 150 manat cərimə edilib. “Zirə”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub da 70 manat cərimə edilib.
“Qəbələ-2” – “Sumqayıt-2” oyununun 55-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Okan Təhməzli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Onun klubu da buna görə 50 manat cərimə edilib. Oyununun 90+3-cü dəqiqəsində “Qəbələ”nin digər futbolçusu Şahin Şahniyarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Qəbələ-2” komandası buna görə 150 manat cərimə edilib. “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub da 70 manat cərimə edilib.


