AFFA “Neftçi”nin apellyasiya şikayəti təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin “Turan Tovuz”la matçla bağlı İntizam Komitəsinin qərarından şikayətini təmin etməyib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Apellyasiya Arbitraj Tribunalı paytaxt klubunun Azərbaycan Premyer Liqasının 23-cü turunda baş tutmuş “Turan Tovuz”la matçla bağlı İntizam Komitəsinin qərarına baxıb. Klubun azarkeşləri tərəfindən təhqiredici pankart açılması səbəbindən martın 11-də paytaxt təmsilçisinin 15 000 manat cərimələnməsi barədə çıxarılmış qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, martın 9-da keçirilmiş sözügedən qarşılaşma “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Apellyasiya Arbitraj Tribunalının müvafiq qərarlarını təqdim edirik:

  1. “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
  2. 9 mart 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında 23-cü turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” klubunun 15000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarı öz qüvvəsində saxlanılsın.
  3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Xəbəri sosial şəbəkələrdə paylaş: