AFFA “Qəbələ”nin legionerini 4 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqa, 17-ci tur

“Kəpəz” – “Sumqayıt” oyununda “Sumqayıt”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 1500 manat cərimə edilib.

“Səbail” – “Qəbələ” oyununda “Qəbələ”nin futbolçusu Samuel Tetteh təcavüzkar davranışa (rəqibə zərbə endirdiyinə) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Onun klubu da buna görə 3000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Ağdam klubu 1000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən də rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə paytaxt klubu 1000 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 17-ci tur

AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının 17-ci turunun oyunlarında baş verənlərə də hüquqi qiymət verib:

“Səbail-2” – “Qəbələ-2” oyununda “Səbail”in futbolçusu Emin Rüstəmov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Səbail” buna görə 50 manat cərimə edilib. “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt komandası 70 manat cərimə edilib. “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə aldığına görə, sözügedən klub 70 manat cərimə edilib.

“Qarabağ-2” – “Neftçi-2” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam komandası 70 manat cərimə edilib. Oyunun sonlarında matçın rəsmi protokolunda adı olmayan, “Qarabağ”ın əməkdaşı İlqar Fətəliyev hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb. Ağdam komandası buna görə 400 manat cərimə edilib. Oyunun sonlarında “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlər təhqir edildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Ağdam klubuna xəbərdarlıq edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: