Bu qış transfer pəncərəsinin ən fəallarından olan “Konyaspor” daha 2 futbolçunu – Alassane Ndao və Valon Etemini də heyətinə qatıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Maraqlıdır ki, Konya klubu hər iki oyunçunu Super Liqanın digər təmsilçisi “İstanbulspor”dan alıb. Ndao 150 min avro qarşılığında transfer edilib. Onunla müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. Etemi isə bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
Ndaonun Konya klubunun heyətində 18, Eteminin isə 72 nömrəli formanı geyinəcəyi açıqlanıb.
Xatırladaq ki, Alassane Ndao bu mövsümün əvvəlində, 2023-cü ilin yayında “İstanbulspor”a cəlb olunmuşdu. Seneqaldan olan sağ cinah vingeri bu klubun heyətində 22 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ndao daha öncə Türkiyədə “Fatih Karagümrük” və “Antalyaspor” klublarının da şərəfini qoruyub. 27 yaşlı futbolçu bir müddət Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun da formasını geyinib. 2017-ci ildə Seneqal yığmasında debüt etmiş futbolçu ölkəsinin millisində 3 oyuna çıxıb, 1 qolla yadda qalıb.

Valon Etemi isə 2021-ci ilin yanvarından “İstanbulspor”da forma geyinirdi. Şimali Makedoniyadan olan sol cinah vingeri Super Liqa təmsilçisinin heyətində 106 oyuna çıxıb. O, bu oyunlarda 21 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.
Etemi daha öncə Albaniyada “Adriatiku Mamurras” və “Kukesi” klublarının formasını geyinib. O, hətta Albaniyanın U-21 yığmasında da oynayıb. Lakin 2022-ci ildə Şimali Makedoniya yığmasında debüt etmiş futbolçu, bu komandada 4 oyun keçirib.



