Aleks Oksleyd-Çemberlen rəsmən “Beşiktaş”da!

Bu yay “Liverpul”dan azad agent kimi ayrılmış Aleks Oksleyd-Çemberlen Türkiyənin “Beşiktaş” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3 illik (2026-cı ilin 30 iyununa kimi) müqavilə imzalanıb. Bu komandaya azad agent kimi keçdiyi üçün ona 1,5 milyon imza pulu ödəniləcək. Futbolçu “qara qartallar”ın heyətində hər mövsüm üçün 2,5 milyon məvacib alacaq. O, iştirakçısı olduğu oyunlara görə də 10 min avro qazanmaq şansına malik olacaq.

Xatırladaq ki, Aleks Oksleyd-Çemberlen 2017-ci ilin avqustunda “Arsenal”dan 38 milyon avro qarşılığında “Liverpul”a keçmişdi. İngiltərə millisinin də üzvü olan yarımmüdafiəçi bu klubda 146 oyuna 18 qol və 15 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Arsenal” (198 oyun, 20 qol, 32 asist) və “Sauthempton”da (43 oyun, 10 qol və 9 asist) da çıxış edib. Aleks İngiltərə millisində 35 oyuna çıxıb, 7 qol vurub.

Sonda onu da bildirək ki, “Beşiktaş” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Neftçi”nin rəqibidir. Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda İstanbul təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Cavab görüşü isə ayın 17-də səfərdə keçiriləcək. Bu cütün qalibi Avropa Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: