Aleks Oksleyd-Çemberlen üçün mövsüm erkən bitdi

İngiltərə millisinin və Türkiyənin “Beşiktaş” klubunun yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu Super Liqanın 17-ci turu çərçivəsində baş tutan “Alanyaspor”la ev matçında zədələnib.

İstanbul klubu ingilis futbolçunun səhhəti ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Çemberlenin budun arxa əzələsində yırtıq aşkar edilib. Artıq klubun həkimləri ulduz futbolçunun müalicəsinə başlayıblar. Lakin Çemberlen ağır zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurub. Onun yaşıl meydanlara dəqiq nə vaxt qayıdacağı bilinmir.

Xatırladaq ki, bu yay “Liverpul”dan azad agent kimi ayrılmış Aleks Oksleyd-Çemberlen “Beşiktaş”la 3 illik (2026-cı ilin 30 iyununa kimi) müqavilə imzalanmışdı. Yarımmüdafiəçi “qara qartallar”ın heyətində indiyə qədər 22 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Oksleyd-Çemberlen 2017-ci ilin avqustunda “Arsenal”dan 38 milyon avro qarşılığında “Liverpul”a keçmişdi. Yarımmüdafiəçi bu klubda 146 oyuna 18 qol və 15 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Arsenal” (198 oyun, 20 qol, 32 asist) və “Sauthempton”da (43 oyun, 10 qol və 9 asist) da çıxış edib. Aleks İngiltərə millisində 35 oyuna çıxıb, 7 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: