Aleksandru Maksim gəldi, Jozef de Souza getdi – “Beşiktaş”da

Futbol üzrə Rumıniya milli komandasının hücumameyilli yarımmüdafiəçisi Aleksandru Maksim Türkiyənin “Qaziantep” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 32 yaşlı vinger Super Liqanın digər təmsilçisi “Beşiktaş”a keçib.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Dəhşətli zəlzələyə görə Super Liqanın qalan hissəsində çıxış etməyəcəyi dəqiqləşən “Qaziantep” təcrübəli yarımmüdafiəçisini bu mövsümün sonuna kimi icarəyə verib. Onun qazianteplilərlə müqaviləsinin müddəti isə 2024-cü ilin 30 iyununa kimidir.

Aleksandru Maksim 2020-ci ilin yanvar ayından “Qaziantep”in formasını geyinir. O, bu komandanın heyətində 115 oyuna çıxıb, 43 qol vurub və 23 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu “Espanyol”, “Badalona”, “Panduri”, “Ştutqart və “Maynts”da da forma geyinib. O, Rumıniya milli komandasında da 55 oyun keçirib, 6 qol vurub.

“Beşiktaş” braziliyalı yarımmüdafiəçisi Jozef de Souza ilə də yollarını ayırdığını açıqlayıb. Braziliyadan olan 34 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli oyunçu Çinin “Beijing Guoan” klubuna transfer olunub.

Jozef de Souza 2020-ci ilin sentyar ayından “Beşiktaş”da forma geyinirdi. O, İstanbul təmsilçisinin heyətində 88 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. Souza Türkiyədə 2015-2018-ci illər aralığında “Fənərbaxça”nın da uğurları üçün çalışıb. Karyerasına ölkəsinin “Vasko da Qama” komandasında başlamış yarımmüdafiəçi, “Portu”, “Qremio”, “San Paulo”, “Əl-Əhli” kimi klubların da formasını geyinib. O, Braziliya milli komandasında da 3 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: