Macarıstanın “Zalaegerseq” klubunun hücumameylli yarımmüdafiəçisi Alen Şkribek bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Neftçi”nin rəsmi saytına istinadən xəbər verir.
25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. “Neftçi” bu transfer üçün “Zalaegerseq”ə 900 min avro ödəyib.
Alen Şkribek bunadək yalnız vətənində çıxış edib. O, 2026/2027-ci illər mövsümündə Macarıstan çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm isə “Zalaegerseq”in heyətində ümumilikdə 37 matçda meydana çıxıb, 11 qol, 5 assist müəllifi olub.
Universal futbolçu olan Alen həm yarımmüdafiənin mərkəzində, həm də “10 nömrə” mövqeyində oynayır. Hər iki ayağı işlək olduğu üçün istər sağ, istərsə də sol vinger mövqelərini bağlaya bilir.
2023/2024-cü illər mövsümündə “Pakş” klubu ilə ölkə kubokunu başı üzərinə qaldırmış Şkribek 2021-2022-ci illərdə isə Macarıstan U-21 yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 3 assist edib.


