Alessandro Kostakurta da Rafael Leaonu tənqid etdi

“Milan”ın keçmiş müdafiəçisi Alessandro Kostakurta “rossoneri”nin 25 yaşlı portuqaliyalı cinah hücumçusu Rafael Leaonu tənqid edib.

Arena.az italyan futbolçunun bu barədə fikrini təqdim edir:

“Biz həmişə ümid edirik ki, o, öz keyfiyyətlərini nümayiş etdirmək üçün bu keyfiyyətli sıçrayışını edəcək, 18 saniyə kifayət deyil. O, bunu bir neçə dəqiqə ərzində etməlidir. Leao 1999-cu ildə anadan olub. Artıq futbol gəncliyindən çıxır. Mən ona nə deyərdim? Sənə nümunələr gərəkdir, bunlar səninlə oynamayan insanlar ola bilər”, deyə Alessandro Kostakurta bildirib.

Xatırladaq ki, bir müddət öncə italiyalı digər veteran futbolçu – Antonio Kassano da Rafael Leaonu sərt şəkildə tənqid etmişdi.

Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Leao “Milan” üçün 9 oyun keçirib, 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. O, “rossoneri”nin heyətində ümumilikdə 219 oyuna çıxıb, 59 qol vurub, 54 məhsuldar ötürmə verib.

Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib.

Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 33 oyun keçirib, 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Portuqaliyalı cinah hücumçusunun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var.

Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: