“Neftçi” ilə Lüksemburq millisinin mərkəz hücumçusu Alessio Kurçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Kurçi “Neftçi”yə ötən ilin yayında transfer olunmuşdu. Həmin vaxt “ağ-qaralar” Belçikanın “Frens Boreyns” klubuna 200 min avro təzminat da ödəmişdilər. Kurçi ilə 3 illik müqavilə imzalanmışdı. Lüksemburqlu hücumçu “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 2 qol vurub, 1 assist edib.
Alessio Kurçi “Neftçi”dən heç də xoşluqla ayrılmayıb. Məsələ burasındadır ki, hələ bu ilin may ayında FIFA Kurçiyə görə “Neftçi” klubuna transfer qadağası qoymuşdu. Məlum olmuşdu ki, bu qərar Kurçiyə qalmış borcun tam ödənilməməsi ilə bağlıdır.
Kurçi Lüksemburqun “Sportinq” (Steynfort) klubunun yetirməsidir. Daha sonra Almaniyanın “Ayntraxt” (Trir) və “Maynts” klublarında oynamış futbolçu “Neftçi”dən öncə “Frens Boreysn”də çıxış edib.
Lüksemburqun U-17, U-19 və U-21 yığmalarında da oynamış Kurçi 2022-ci ildən ölkəsinin əsas millisində çıxış edir. O, yığmanın heyətində meydana çıxdığı 20 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.


