Alisson: “Klopp özünü “adi” adlandırırdı, bizim üçün o, xüsusidir”

“Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker alman mütəxəssis Yurgen Klopun Mersisayd klubundan ayrılması haqda danışıb.

Arena.az braziliyalı qapıçının bu barədə fikirlərini təqdim edir:

“Nə deyim, Yurgen xüsusidir. Klopp “Liverpul”a gələndə özünü “adi” adlandırırdı, amma bizim üçün o, xüsusidir. Düşünürəm ki, o, təbii liderdir. O, həmişə elə edib ki, oyunçular onun komandasında oynamaqdan həzz alsınlar. Bir-birimizin yanında keçirdiyimiz vaxtdan çoxlu isti, xoş xatirələrim olacaq. Onunla işləmək imkanım olduğu üçün çox minnətdaram. Yurgen burada, “Liverpul”da yeni bir zehniyyət ərsəyə gətirib”, deyə Alisson bildirib.

Xatırladaq ki, Yurgen Klopp “Liverpul”un sükanı arxasına 2015-ci il oktyabrın 8-dən gəlib. Bu müddət ərzində 56 yaşlı alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Klopun rəhbərliyi altında “Liverpul” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Ən əsası isə alman mütəxəssis “Liverpul”u İngiltərə futbolunda itirdiyi mövqeyinə qaytarmağı bacarıb.

Klopp “Liverpul”u 489 oyuna çıxarıb. “Qırmızılar” bu oyunlarda 304 qələbə qazanıblar, 100 heç-heçə ediblər, 85 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1088:550 nisbətindədir.

Almaniyalı mütəxəssis daha öncə ölkəsində “Borussiya” (Dortmund) və “Maynts” komandalarını da çalışdırıb. O, “Liverpul”dan istirahətə ehtiyac duyduğu üçün ayrıldığını açıqlayıb.

Qeyd edək ki, “Liverpul” Yurgen Klopun əvəzində baş məşqçi postuna Arne Slotu gətirib. Niderlanddan olan mütəxəssis yeni işinə iyunun 1-dən etibarən başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: