Amil Yunanov: “Son 8 oyuna final matçı kimi baxırıq”

“Kəpəz”in hücumçusu Amil Yunanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 31 yaşlı forvard Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan və 1:6 hesabıyla uduzduqları qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Oyun haqda nə deyə bilərsiniz?
– Çox üzücü məğlubiyyət oldu. Belə olmasını istəməzdik.

– Cari mövsümdə artıq ikinci dəfədir ki, komandanız “Qarabağ”a qarşı böyük hesabla uduzur. Bunu nə ilə əlaqələndirirsiniz?
– “Qarabağ” həqiqətən çox yaxşı və güclü komandadır. Avropa səviyyəsində olan klubdur. Üstəlik, onlar bu stadionda çox yaxşı oynayırlar. “Qarabağ” çempionatımızda istədiyi komandaya belə hesabla qalib gələ bilər. Onlara qarşı mümkün qədər yaxşı oynamağa çalışdıq. Amma nəticə ortadadır.

– “Kəpəz”in elitada qalmaq şanslarını necə dəyərləndirirsiniz?
– Hazırda əsas rəqibimiz olan “Qəbələ”dən 11 xal öndəyik. Hələ qarşıda 8 matçımız var. Bundan sonrakı hər bir oyuna final kimi baxırıq. Premyer Liqada qalmağa çalışacağıq.

Xatırladaq ki, Amil Yunanov “Qarabağ”la oyunda 90 dəqiqə meydanda olub və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Müqavilə ilə “Səbail”ə məxsus olan hücumçu Gəncə təmsilçisində icarə əsasında forma geyinir. O, “Kəpəz”in heyətində indiyə qədər 10 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan yığmasında 5 oyun keçirmiş futbolçu “Səbail”, “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”) və “Qəbələ” kimi klubların da uğurları üçün çalışıb.

Nahid Ustaclı

Xəbəri sosial şəbəkələrdə paylaş: