“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti sabiq komandası “Milan”ın çıxışını izlədiyini bildirib.
Arena.az “La Repubblica” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Komandanı kənardan və sevgi ilə müşahidə edirəm. “Milan”dan, görkəmli futbolçu Brahim Dias Milandan qayıdıb, həmçinin orada Rafael Leao kimi böyük istedad da var… Amma hərdən onu kötəkləmək gərəkdir. O, mənim oyunçum olsaydı, mən onu hər gün döyərdim” deyə Ançelotti qeyri-sabit oyunu ilə diqqət çəkən portuqaliyalı vinger haqda bildirib.
Rafael Leao “Sportinq”in yetirməsidir. Portuqaliyalı vinger “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bu müddət ərzində Leao “rossoneri”nin heyətində 210 oyuna çıxıb, 58 qol vurub, 50 məhsuldar ötürmə verib. Cari mövsümdə portuqaliyalı vinger “Milan” üçün bütün yarışlarda 47 oyun keçirib, 15 qol vurub, 14 məhsuldar ötürmə verib.
Leao “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib.
Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 24 oyun keçirib, 4 qol vurub, 5 məhsuldar ötürmə verib. Vingerin aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var. Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı portuqaliyalı sol vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


