“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “mahmızlar”ın düşdüyü oyun böhranı və buna dair həllərindən söhbət açıb.
Arena.az “Evening Standard” dərgisinə istinadən məlumat verir ki, Postekoqlu komandasının İngiltərə Premyer Liqasındakı nəticələrini necə yaxşılaşdırmağı bildiyini dilə gətirib. O, “mahmızlar”ın oyun səmərəsinin aşağı düşməsinə futbolçuların necə münasibət verməli olduqlarından da danışıb:
“Mən əvvəllər dəfələrlə bu vəziyyətdə olmuşam, ona görə də təcrübə üstünlüyüm var və nə etməli olduğumuzu mütləq bilirəm.
Ancaq bir çox oğlanlarım üçün bu, ilk dəfədir. Bunu həmişə xatırlayıram. Klubun ilk mövsümündə mütləq fəsadlar olacaq. Oyunçular bu vəziyyətə digər tərəfdən baxmalıdırlar: “Yaxşı, biz bundan xilas olduq. Bu, bizi öldürmədi, biz hələ də irəliləyirik, hələ də sağıq”, deyə yunanəsilli avstraliyalı mütəxəssis məsələyə psixoloji yanaşmanın daha vacib olduğunu başa düşməyə əsas verib.
Xatırladaq ki, İngiltərə çempionatının son 5 oyununda Postekoqlunun komandası 4 dəfə uduzub, 1 dəfə heç-heçə edib və beləliklə Premyer Liqada antirekord vurub. Belə ki, “Tottenhem” ardıcıl 5 oyunda hesabda öndə olaraq, sonda oyunu qazana bilməyən ilk komandadır. “Tottenhem” həm də Premyer Liqa tarixində evdə ardıcıl 3 oyunda məğlub olmuş ilk komandadır və həmin oyunlarda da “mahmızlar” 1:0 hesabı ilə öndə olublar.
“Tottenhem” 15 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 27 xalla 5-ci pillədə qərarlaşıb.
Angelos Postekoqlu “Tottenhem”ə italyan mütəxəssis Antonio Kontenin istefasından sonra gətirilib. O, bi ilin iyul ayının 1-dən vəzifəsinin icrasına başlayıb. “Mahmızlar” yunanəsilli avstarliyalı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
57 yaşlı mütəxəssis buna qədər 2021-ci ilin yayından çalışdırdığı “Seltik”də 2 dəfə Şotlandiya Premyer Liqasını və Liqa Kubokunu, həmçinin Şotlandiya Kubokunu qazanıb. Postekoqlunun Avstraliyanın U-17, U-20 və həmçinin əsas yığmasında böyük iş təcrübəsi var.


