“Araz-Naxçıvan” futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün qalan hissəsinə Qəbələdə hazırlaşacaq.
Arena.az xəbər verir ki, hazırlığın yekununda bu komanda “Kəpəz”lə yoldaşlıq oyunu keçirməklə bağlı qarşılıqlı razılıq əldə etmişdi.
Amma Gəncə təmsilçisi son anda Qəbələyə gələ bilməyəcəyini bildirib. Buna görə də “qırmızı-ağlar” yanvarın 15-də “Qəbələ” ilə gücünü sınayacaq. Oyunun saatı barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Naxçıvan təmsilçisi yanvarın 5-də bir araya gələcək. Hazırlığın birinci mərhələsi Bakıda baş tutacaq. Yanvarın 10-da “qırmızı-ağlar” yeni ildə ilk matçına çıxacaq. Yoldaşlıq oyununda rəqib “Zirə” olacaq. Bu matçın da başlama saatı və keçiriləcəyi məkan hələ bəlli deyil.
Ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qələbədə ikinci mərhələyə start verəcək. Yanvarın 15-də “Qəbələ” ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçdan sonra Bakıya dönəcək. Bu dəfə 2 gün istirahət edəcək futbolçular yanvarın 18-dən etibarən Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qarabağ”la baş tutacaq matça hazırlaşacaq.
“Qarabağ” – “Araz-Naxçıvan” oyunu yanvarın 21-də keçiriləcək.
Xatırladaq ki, Muxtar Respublika təmsilçisi mövsümün ilk iki dövrəsindən sonra 26 xalla 6-cı pillədə qərarlaşıb. Azər Bağırovun çalışdırdığı komanda indiyə qədər keçirdiyi 18 oyunda 7 qələbə qazanıb, 5 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.


