Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Eyüpspor” komandasının baş məşqçisi Arda Turan klubdan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə gənc mütəxəssis öz açıqlama verib.
O, Super Liqanın 37-ci turu çərçivəsində qarşılaşdıqları “Antalyaspor”la ev oyunundan (2:1) sonra jurnalistlərə açıqlamasında bunları bildirib:
“Bu, mənim “Eyüpspor”dakı sonuncu oyunum idi. Komandanın baş məşqçi postundan ayrılıram. 3-4 seçim şansım var, qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək”.
Xatırladaq ki, son zamanlarda Ardanın Ukraynanın “Şaxtyor” (Donetsk) komandasını çalışdıracağı barədə məlumatlar dolaşmaqdadır.
Arda Turan 2023-cü ildən “Eyüpspor”u çalışdırırdı. Bu, onun baş məşqçi kimi ilk sınağı idi. 38 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 84 oyuna çıxarıb, 45 qələbə, 14 heç-heçə və 25 məğlubiyyət görüb.
Ardanın “Eyüpspor”u Türkiyə Super Liqasının cari mövsümündə keçirdiyi 36 oyunda 15 qələbə qazanıb, 8 heç-heçə edib, 13 məğlubyyətə üzülüb. Sonuncu (38-ci) turda istirahət etməli olan komanda üçün mövsüm artıq başa çatıb. “Eyüpspor” mövsümü 53 xalla 6-cı yerdə bitirib.


