Futbol üzrə Türkiyə millisinin sabiq üzvü, hazırda “Eyüpspor”un baş məşqçisi olan Arda Turan barədə İspaniyada həbs qərarı çıxarılıb.
Arena.az xəbər verir ki, o, vaxtilə İspaniyada futbolçu olaraq oynadığı 2015/2016 mövsümündə vergidən yayındığına görə belə cəza alıb.
Xatırladaq ki, Arda 2011-2015-ci illər aralığında Madrid “Atletiko”sunda, 2015-2018-ci illərdə isə “Barselona”da çıxış edib. İspaniyada legionerlərə tətbiq edilən vergilərin çox olması səbəbindən bu ölkədə çıxış edən müxtəlif futbolçular və məşqçilər oxşar fırıldaqlara əl atmaq məcburiyyətində qalırlar. Hətta ulduz futbolçularla da bağlı müxtəlif dövrlərdə oxşar cəzalar qəbul olunub. Türkiyə millisinin sabiq üzvü də oxşar aqibətlə üzləşib.
Qərarda bildirilir ki, Arda 2015 və 2016-cı illərdə İspaniyada vergidən yayınma ilə bağlı iki fərqli cinayətə görə ümumilikdə 1 il müddətinə azadlıqdan məhrum edilib. Lakin vergidən yayınanlarla bağlı cəza müddəti 2 ildən az olduqda, həmin şəxslər həbs müddətini cərimə ödəməklə əvəz edə bilirlər. Günahını etiraf edən veteran futbolçu 2015-ci ildəki vergidən yayınmaya görə 303 min 162 avro, 2016-cı ildəki fırıldağına görə isə 330 min avroluq cərimə məbləğlərini Maliyyə Nazirliyinə ödədiyini bildirib. O, 617 min 773 avroluq cərimə məbləğinin də 6 hissəyə bölünərək ödənilməsinə razılıq verib.
Arda Turan peşəkar futbola “Qalatasaray”da başlayıb. Bir müddət “Manisaspor”da icarədə də oynamış futbolçu 2015-ci ildə məhz “Qalatasaray”dan “Atletiko”ya keçib. İspaniyadan qayıtdıqdan sonra “Başakşəhər”də oynamış futbolçu karyerasının son illərini yenə “Qalatasaray”da keçriib. O, peşəkar karyerasına 2022-ci ildə məhz doğma klubunda son qoyub. 2023-cü ilin aprel ayından isə o, “Eyüpspor”un baş məşqçisi kimi çalışır.
Bahar Rüstəmzadə


