“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqası çempionluğu uğrunda mübarizənin qarşıda olduğu qənaətindədir.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Xatircəmliyimiz yoxdur, biz qarşıda yeddi oyunun olduğu amilini tamamilə dərk edirik. Düşünürəm ki, bizi cari mövsümdə görmüş hər kəs bilir ki, qalib gəlmək üçün bizə bütün güc-qüvvəmizi ortaya qoymaq lazım gəlib. İngiltərə Premyer Liqasını son dörd il ərzində qazanmış komanda (“Mançester Siti” – redaktorun qeydi) demək olar ki, hər oyunda fasiləyə qədər 3:0 hesabı ilə öndə olardı, biz isə – yox”, deyə Arne Slot fikrini əsaslandırıb.
31 oyundan 73 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Qırmızılar”ı 2-ci pillədə qərarlaşmış “Arsenal”dan (62 xal) 11 xal ayırır.


