“Liverpul”a 2024/2025-ci illər mövsümünün İngiltərə Premyer Liqasını qazandırmış niderlandlı mütəxəssis Arne Slot mükafatlandırılıb.
Arena.az məlumat verir ki, mayın 27-də “JW Marriott Grosvenor House London” otelində keçirilmiş sayca 33-cü tədbirdə 46 yaşlı niderlandlı mütəxəssis Liqa Məşqçilər Assosiasiyası (LMA) tərəfindən ilin məşqçisi adına layiq görülüb.
Mükafatlandırma mərasimində Slota “Mançester Yunayted”in keçmiş baş məşqçisi, əfsanəvi şotland mütəxəssi Ser Aleks Ferqyusonun adını daşıyan müvafiq mükafat təqdim edilib.
Sonuncu dəfə “Liverpul”un baş məşqçisi qismində müvafiq mükafatı 2021/2022-ci illər mövsümünün yekunlarına əsasən alman mütəxəssis Yurgen Klopp qazanmışdı. Klopp həmçinin 2019/2020-ci illər mövsümündə də “Ser Aleks Ferqyuson adına mükafat”ı qazanıb. Mükafatı ən çox qazanmış mütəxəssis isə elə, Ser Aleks Ferqyusonun özüdür. Şotland mütəxəssis onun adını daşıyan mükafatla 11 dəfə təltif edilib.
Arne Slot məşqçilik fəaliyyətinə 2016/2017-ci illər mövsümündə “Kambur” klubunda başlayıb. Sonra niderlandlı mütəxəssis “AZ Alkmar” (2019/2020) və “Feyenoord”u (2021/2024) çalışdırıb. Slot məhz bu iki komanda ilə uğurlu işi müqabilində adından söz etdirib.
Arne Slot “Liverpul”un sükanı arxasında 2024-cü ilin ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Slot “Liverpul”u 56 oyuna çıxarıb, 38 qələbə, 9 heç-heçə, 9 məğlubiyyət yaşayıb, “qırmızılar”ın top fərqi isə 124:59 nisbətindədir.
Arne Slotun qənimətlər muzeyində “Feyenoord”la qazandığı Niderland çempionluğu, Niderland Kuboku və İngiltərə çempionluğu var.


