Azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadə futbol üzrə Latviya çempionatında debüt edib. Arena.az xəbər verir ki, “Dauqavpils”in üzvü olan 22 yaşlı futbolçu yeni mövsümün açılış turu çərçivəsində baş tutan “Tukums 2000” ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Üç qolun qeydə alındığı matçda futbolçumuzun komandası çətin qələbəyə sevinib – 2:1.
Asim də bu görüşün iştirakçısı olub. O, yeni komandasındakı debüt matçında ilk dəqiqələrdən meydanda olub və 58-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Asim Əlizadə “Dauqavpils”də icarə əsasında çıxış edir. Martın əvvəlində Latviya klubuna keçən gənc futbolçu bu mövsümün sonuna, yəni noyabrın 20-dək “Dauqavpils”in uğurları üçün çalışacaq.
Asim “Neftçi”nin əvəzedici komandasının aparıcı futbolçularından biri idi. O, əsas komandanın heyətində ötən mövsüm 1, bu mövsüm 2 rəsmi oyunda meydana çıxmışdı. Yarımmüdafiəçi Azərbaycanın U-21 yığmasının da üzvü olub.


