İngiltərənin “Aston Villa” klubu iki futbolçusu ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisində qapıçı Emiliano Martineslə müdafiəçi Kortni Hausun sözləşməsi yenilənib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Argentinalı qapıçı ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb. İngilis müdafiəçi isə 2025-ci ilin yayına kimi bu komandada oynamağa davam edəcək.
Emiliano Martines 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edir. 29 yaşlı qapıçı Argentina yığmasının da üzvüdür. London “Arsenal”ının yetirməsi olan futbolçu, bu komandada çox şans qazanmayıb. O, həmin dövrdə “Oksford Yunayted”, “Şeffild Yunayted”, “Roterhem Yunayted”, “Vulverhempton”, “Xetafe” və “Ridinq” kimi komandalarda icarədə oynayıb. Martines indiyə qədər “Aston Villa”da 58 rəsmi matça çıxıb.
Kortni Haus isə peşəkar karyerasına “Uikomb Uonderers” komandasında başlayıb. Daha sonra o, “Vulverhempton Uonderers”, “Gillingem” klublarında da forma geyinib. 26 yaşlı müdafiəçi 2019-cu ildən “Aston Villa”da çıxış edir. Haus Birmingem klubunda bütün turnirlər çərçivəsində 42 matça çıxıb, 3 qol vurub.



