“Aston Villa” Stiven Cerrard ilə yollarını ayırdı

İngiltərənin “Aston Villa” klubu əsas komandanın baş məşqçisi Stiven Cerrard ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

İstefaya komandanın uğursuz çıxışı səbəb olub. “Aston Villa” son olaraq ötən gün səfərdə “Fulhem”ə 0:3 hesabı ilə məğlub olub. Məhz bu darmadağından sonra 42 yaşlı məşqçinin istefası barədə qərar qəbul edilib.

Xatırladaq ki, Stiven Cerrard 2021-ci il noyabrın 11-dən etibarən “Aston Villa”ya rəhbərlik edirdi. Komanda Premyer Liqanı ötən mövsüm 14-cü yerdə başa vurub. Birminhem klubu cari mövsümdə 11 oyundan sonra 9 xalla 17-ci yerdədir. Sözügedən kollektiv iki qələbə qazanıb, üç heç-heçə edib və altı məğlubiyyətlə üzləşib.

Cerrard “Aston Villa”nı bütövlükdə 40 oyuna çıxarıb. Komanda bu oyunlarda 13 qələbə qazanıb, 8 heç-heçə edib, 19 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: