“Araz-Naxçıvan”ın legionerləri İsmail Azzaui və Vanderson sabah keçiriləcək “Qarabağ”la oyunda iştirak edə bilməyəcəklər.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra ilk oyununu sabah “Qarabağ”a qarşı keçirəcək “Araz-Naxçıvan” bu gün oyunöncəsi son məşqinə çıxıb. “Azərsun Arena”nın ehtiyat meydanında 1 saata qədər davam edən hazırlıq prosesində futbolçular bir neçə taktiki planda tapşırıqları icra ediblər.
Zədəli futbolçulardan Orxan Əliyev artıq kollektivlə çalışmalara qoşulub. Digər zədəli İsmail Azzaui isə hələ də həkim nəzarəti altında müalicəsini davam etdirir. Onun “Qarabağ”a qarşı oynamayacağı dəqiqdir.
İsmaildən başqa, Vanderson da sabahkı matçda meydana çıxmayacaq. Buna səbəb braziliyalı yarımmüdafiəçinin sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir.
Xatırladaq ki, sabah – yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununa saat 19:00-da start veriləcək.


